28 Aprel “İKT LAB”da “İKT-də Qızlar” günü ilə bağlı tədbir keçirilib

“İKT LAB”da “İKT-də Qızlar” günü ilə bağlı tədbir keçirilib

28 aprel tarixində “İKT LAB” Tətbiq və Tədris Mərkəzində “İKT-də Qızlar” günü ilə bağlı tədbir keçirilib.

“İKT-də Qızlar” günü qadınların informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində imkanlarını genişləndirmək, gənc qızların innovasiyalara yaxından maraq göstərməsinə şərait yaratmaq və onları texnologiyalar sahəsində peşə seçimi etməyə və öz karyeralarını bu sahədə qurmağa həvəsləndirmək məqsədi daşıyır.

Tədbirdə xanımlara İT karyera imkanları ilə bağlı seminar keçirilib. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşı, Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Radiotənzimləmə Komitəsinin üzvü Sahibə Həsənova xanımlarla öz təcrübəsini bölüşüb və nazirliyin hal-hazırda keçirdiyi layihələrlə bağlı məlumat verib.

Sonda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, UNESCO təşkilatı və UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının dəstəyi ilə keçirilən “Gənc İT peşəkarlar” layihəsi çərçivəsində keçirilən “Qadınlar üçün İT əsasları” təlimini uğurla bitirən xanımlara sertifikatlar təqdim olunub.

Qeyd edək ki, Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) tərəfindən təsis edilən “İKT-də qızlar” günü hər il aprelin sonuncu həftəsinin dördüncü günü qeyd olunur.

 

© İKT LAB Tətbiq və Tədris Mərkəzi 2024
  • |