21 Aprel İKT LAB tərəfindən dövlət qurumları üçün sosial mediadan istifadə təlimləri keçirilir

İKT LAB tərəfindən dövlət qurumları üçün sosial mediadan istifadə təlimləri keçirilir

Müasir dövrdə dövlət qurumlarının kommunikasiya fəaliyyətlərinin yeni çağırışlara cavab verməsi və vətəndaşlara keyfiyyətcə daha səmərəli xidmət göstərilməsi məqsədilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “İKT LAB” Tətbiqi və Tədrisi Mərkəzi tərəfindən “Dövlət qurumlarının sosial mediada səmərəli fəaliyyətinin təşkili” mövzusunda təlimlərə start verilib.

İştirakçıların ilk qrupunun təlimlərinə 15 aprel tarixində yekun vurulmuşdur. İlk təlimdə müxtəlif dövlət qurumlarından 25 nəfər iştirak etmiş və “İKT LAB” Tətbiqi və Tədrisi Mərkəzinin sertifikatı verilmişdir.

Təlimdə dövlət qurumları tərəfindən sosial medianın səmərəli istifadəsi mövzusunda müxtəlif praktik təqdimatlar olmuşdur. Təlimdə sosial şəbəkələrin qurumlar üçün əhəmiyyəti, səhifələrin profil görünüşü, kontentin idarəedilməsi, sosial şəbəkə alqoritmlərinin iş prinsipi və onların düzgün istifadəsi, sosial şəbəkələrdə aktivliyin idarə edilməsi, vətəndaşlarla ünsiyyət, yanlış informasiya ilə mübarizə və informasiya təhlükəsizliyi kimi mövzularda iştirakçılara məlumatlar verilmişdir. Təlimdə praktiki çalışmalar və müzakirələr keçirilmiş, iştirakçılar arasında təcrübə və fikir mübadiləsi aparılmışdır.

Növbəti təlimlərdə digər dövlət qurumlarının nümayəndələrinin iştirakı nəzərdə tutulur.

Qeyd edək ki, İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzi 2015-ci ildə Nazirlər Kabinetinin qərarı ilə dövlət və özəl qurumların əməkdaşlarının, əhalinin rəqəmsal bacarıq və İT biliklərinin artırılması məqsədilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində yaradılıb.

 





© İKT LAB Tətbiq və Tədris Mərkəzi 2024
  • |