25 May İKT Tətbiqi və Tədrisi Mərkəzi ADNSU-nun X Məzun-Karyera Sərgisində iştirak edib.

İKT Tətbiqi və Tədrisi Mərkəzi ADNSU-nun X Məzun-Karyera Sərgisində iştirak edib.

Mayın 25-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) yuxarı kurs tələbələri və universitetin məzunları üçün X Məzun-Karyera Sərgisi keçirilib. Mövcud koronavirus pandemiyasının hələ də hökm sürdüyünü nəzərə alaraq sərgi karantin rejimi şəraitində onlayn formatda keçirilib. Sərgidə 63 dövlət qurumu və özəl şirkət tərəfindən 231 vakant iş yeri və 300-dək təcrübə yeri təqdim olunub.

Sərgidə çıxış edən ADNSU-nun rektoru, professor Mustafa Babanlı dövlət qurumları və şirkət nümayəndələrinə təşəkkürünü bildirib. Qeyd edib ki, 2015-2016-cı tədris ilindən etibarən ənənəvi olaraq ADNSU-da keçirilən Məzun-Karyera sərgiləri gənc mütəxəssislərin birbaşa şirkət nümayəndələri ilə təmas qurmasında və işlə təmin olunmasında mühüm platformadır. Rektor tələbə və məzunlarımızın işlə təmin olunmasının hər zaman diqqətdə saxlanıldığını və bu istiqamətdə atılan addımlardan biri olaraq Məzun-Karyera sərgilərinin mühüm rol oynadığını deyib.

Sərgidə Azərbaycan Respublikasının Energetika nazirin müavini Elnur Soltanov, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli çıxış edərək, Azərbaycanda gənclərə göstərilən diqqət və qayğıdan, onların ixtisaslı mütəxəssis kimi yetişməsi ilə yanaşı, ixtisaslarına uyğun işlə təmin olunmasının əhəmiyyətindən danışıblar. Qeyd olunub ki, ADNSU-nun mütəmadi olaraq təşkil etdiyi Məzun-Karyera sərgiləri də bu baxımdan diqqətəlayıqdır. Şirkətlərin də bu universitetin tələbə və məzunlarına marağının yüksək olması bir  daha onu göstərir ki, ADNSU tələbələri gənc mütəxəsislər olaraq özlərini doğruldublar və onlara gələcəkdə də çox ehtiyac olacaq.

Qeyd edək ki, ADNSU-nun tələbə və məzunları career.asoiu.edu.az linki vasitəsilə ADNSU-nun rəsmi saytında yer alan Məzun-Karyera Mərkəzinə daxil olub vakant yerlərlə tanış ola, müvafiq şirkət və daha sonra vəzifəni seçib CV-lərini göndərə bilərlər.

 

 

© İKT LAB Tətbiq və Tədris Mərkəzi 2024
  • |