08 Fevral Təhlükəsiz İnternet Günü ilə bağlı ümumtəhsil müəssisələrinin müəllimləri üçün təlim keçirilib.

Təhlükəsiz İnternet Günü ilə bağlı ümumtəhsil müəssisələrinin müəllimləri üçün təlim keçirilib.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Təhsil Nazirliyinin dəstəyi, Elektron Təhlükəsizlik Xidməti və “İKT LAB” Tətbiq və Tədris Mərkəzinin təşkilatçılığı ilə Beynəlxalq Təhlükəsiz İnternet Günü ilə əlaqədar ümumtəhsil müəssisələrinin müəllimləri üçün internetdən təhlükəsiz istifadə mövzusunda təlim keçirilib.

Təlimdə Elektron Təhlükəsizlik Xidmətinin baş məsləhətçisi Aysel Hadiyeva çıxış edərək, uşaqların üzləşə biləcəyi kiber təhlükələr, bu təhlükələrlə mübarizə üsulları, əsas kibergigiyena qaydalarından bəhs edib.

Təlimdə Bakı ilə yanaşı Şamaxı, Qəbələ, Şəki, Gəncə, Mingəçevir və Zaqataladan olan 100-ə yaxın informatika müəllimi iştirak edib.

Təlimdə iştirak edən müəllimlər sonrakı bir həftə ərzində şagirdlərin internetdən təhlükəsiz istifadəsi üzrə maarifləndirilməsi məqsədilə açıq dərslər təşkil edəcək və nəticələr barədə Elektron Təhlükəsizlik Xidmətinə məlumat verəcəklər.

Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən də dəstəklənən təlim iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Yekunda təlim iştirakçılarını maraqlandıran müxtəlif suallar cavablandırılıb və müvafiq tövsiyələr verilib.

“İKT LAB” Tətbiq və Tədris Mərkəzinin baş mütəxəssisi Zakir İbrahimov da təlimdə çıxış edərək, Mərkəzdə keçirilən təlimlər barədə iştirakçıları məlumatlandırıb.

Qeyd edək ki, Beynəlxalq Təhlükəsiz İnternet Günü (International Safer Internet Day) Avropa Komissiyasının təşəbbüsü ilə 2004-cü ildən başlayaraq hər il fevral ayının ikinci həftəsində qeyd olunur.

 

© İKT LAB Tətbiq və Tədris Mərkəzi 2024
  • |